Hərrac qaydaları

Mülki

Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;

139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;

Maddə 218. Satın almaqda üstünlük hüququ

218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.

220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi

Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

24.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.[235]

Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması)

Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.[266]

Maddə 299. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və onun satışına xitam verilməsi

299.1. Tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. [268]

Maddə 302. Əşyanın lombardda girovu

302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.

Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri

319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.[281]

319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun.[282]

319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur.

319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. [283]

319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

Maddə 414. Müqavilənin hərracda bağlanması

414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.

414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.[354]

Maddə 415. Hərracın təşkili və keçirilmə qaydası

415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.[355]

415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.

415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.

415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.

Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri

416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

Maddə 492. Behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra
edilməməsinin nəticələri

492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.