Hərrac qaydaları

İcra

“İcra Haqqında” Azərbaycan Qanununun hərraca aid maddələri

 

Maddə 52. Borclunun əmlakının saxlanılması

52.1. Borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra – saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər.

52.2. Saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda – onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir.

52.3. Üzərinə həbs qoyulmuş əmlakın saxlanması qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

52.4. Saxlanmaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə əmlak məsuliyyətindən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti də daşıyır.

Maddə 53. Üzərinə həbs qoyulmuş əmlakın satılması

53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindənasılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.[79]

53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.[80]

53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

Maddə 61. Hərracların hazırlanması və keçirilməsi

61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

61.3. Sifarişə aşağıdakılar əlavə edilir:

61.3.1. icra sənədinin surəti;

61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;

61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər;

61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə
hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti.
61.4. Uzunmüddətli icarə hüququ hərraca çıxarıldıqda, bu Qanunun 61.3.1 – 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılar da əlavə edilir:

61.4.1. icarə müqaviləsinin surəti;

61.4.2. icarə müqaviləsinin qeydiyyatını təsdiq edən sənədin surəti;

61.4.3. tələbin uzunmüddətli icarə hüququna yönəldilməsinə icarəyə verənin razılığını təsdiq edən sənədin surəti və ya icarəçi icarə hüququnu hərrac nəticəsində əldə etdikdə, uzunmüddətli icarə hüququnun icarəçiyə keçməsini təsdiq edən sənədin surəti.

61.5. Tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda, bu Qanunun 61.3.1 –
61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılarda əlavə edilir:

61.5.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

61.5.2. tikintiyə icazənin surəti.[86]

61.6. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satılması zamanı icra məmurunun sifarişinə əlavə edilən sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.[87]

Maddə 62. Hərracın keçirilməsi müddətləri və qaydası

62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.