Hərrac qaydaları

Vergi əmlaklarının hərracda satışı qaydaları

Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası

90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçünməhkəməyə müraciət edə bilər. [404]

Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.[405]

90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır.

90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat (bundan sonra – hərracın təşkilatçısı) tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda (bundan sonra – hərrac) satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir.[406]

Vergi ödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. [407]

Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, habelə siyahıya alınmış əmlakın hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satılması üçün icra məmurları tərəfindən edilmiş sifarişlər barədə rüblük məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron şəkildə təqdim edir. [408]

Əmlakın hərracda satılması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir.

Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir.[409]

Həmin əmlak aşağıdakı qaydada satılır:[410]

90.3.1. Əmlakın hərracda satışı – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir.

90.3.2. Hərracın təşkilatçısı kimi ixtisaslaşdırılmış təşkilat çıxış edir. İxtisaslaşdırılmış təşkilat hərracı icra məmurunun sifarişi əsasında həyata kecirir.

90.3.3. İcra məmurunun sifarişinə aşağıdakı sənədlər əlavə edilməlidir:

90.3.3.1. vergi ödəyicisinin əmlakının hərracda satışı barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti[411]

90.3.3.2. icraata başlanılması barədə məhkəmə qərarına əsasən verilən icra sənədinin surəti[412]

90.3.3.2-1. əmlakın fotoşəkli, yerləşdiyi ünvan barədə məlumat; [413]

90.3.3.3. əmlakın ilkin satış qiyməti barədə məlumat;

90.3.3.4. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi;

90.3.3.5. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;

90.3.3.6. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti[414]

90.3.3.7. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;

90.3.3.8. uzunmüddətli icarə hüququ satıldıqda, müqavilənin surəti və qanunvericiliklə nəzərdə tutulmuş hallarda belə müqavilənin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

90.3.3.9. tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri[415]

Məhkəmənin qərarı qüvvəyə mindiyi gün siyahıya alınmış əmlakın yararlılıq müddəti 60 gündən tez başa çatdıqda və ya qida məhsulu olduqda icra məmuru hərracın təşkilatçısına sənədləri 3 gün müddətində təqdim etməlidir.

90.3.4. Hərracın təşkilatçısı bu məcəllənin 90.3.3-cü maddəsində göstərilən sənədləri aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən azı 20 gün, yararlılıq müddəti başa çatmaqda, habelə yararsız hala düşmək təhlükəsi olan ərzaq və qeyri-ərzaq məhsulu olan əmlak satıldıqda isə ən azı 5 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir.[416]

90.3.5. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:

90.3.5.1. hər bir lot üzrə ayrı-ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, fotoşəkli, yerləşdiyi ünvan; [417]

90.3.5.2. siyahı üzrə əmlakın ayrı-ayrılıqda ilkin satış qiyməti;

90.3.5.3. hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;

90.3.5.4. əmlakın sahibi barədə məlumat;

90.3.5.5. ilkin satış qiymətinin daşınmaz əmlakın 5 faizi, daşınan əmlakın 10 faizi həcmində hesablanan behin məbləği və həmin məbləğin köçürüləcəyi bank hesabı;

90.3.5.6. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları və bu hesablara köçürüləcək vəsaitin miqdarı;

90.3.5.7. hərracın keçirilmə tarixi, vaxtı və yeri, əlaqə telefonunun nömrəsi;

90.3.5.8. hərracın təşkilatçısının adı, ünvanı, əlaqə telefonu və sair rekvizitləri.

90.3.6. Məlumatın dərc edildiyi andan qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır.

Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.

90.3.7. Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin köçürülməsi barədə bildiriş təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər.

90.3.8. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq hərracın təşkilatçısına verilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir: [418]

90.3.8.1. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd;

90.3.8.2. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin  surəti; [419]

90.3.8.3. hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin  surəti.

90.3.9. Hərracın təşkilatçısı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:

90.3.9.1. hüquqi şəxs yenidən təşkil olunma, ləğv olunma yaxud müflis vəziyyətində olduqda;

90.3.9.2. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;

90.3.9.3. sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;

90.3.9.4. ərizə müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;

90.3.9.5. məlumatda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda.

90.3.10. Sənədlərin qəbulundan imtina hərracın təşkilatçısı tərəfindən əsasları göstərilməklə edilir. Ərizəni və sənədləri qəbul edilməyən şəxslərin sənədləri, imtinanın əsasları yazılı surətdə bildirilməklə, növbəti iş günü ərzində qaytarılır.

90.3.11. Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri, habelə təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısını hərracın təşkilatçısına təqdim edirlər.

Hərracın təşkilatçısı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir.

Hərracın təşkilatçısı təqdim olunan sənədlərin siyahısının bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə ərizəçiyə qaytarır.[420]

90.3.12. Hərrac iştirakçılarına onların hərracda iştirak etmək nömrəsini əks etdirən bilet verilir.

90.3.13. Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısına yazılı müraciət etməlidir.

Sənədlərin qəbulu jurnalında hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd aparılmalıdır.

Hərracın şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır.

90.3.14. Hərracda iştirak etmək üçün müraciət edən şəxslərin hərraca buraxılıb-buraxılmaması barədə hərracın təşkilatçısının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda müraciətləri (ərizələri) qəbul edilən və rədd edilən şəxslərin adları qeyd edilir. Müraciətlərinin (ərizələrinin) rədd edilməsinin əsasları şəxslərə yazılı surətdə bildirilir.

Müraciətlərin (ərizələrin) qəbuluna dair protokol imzalandıqdan sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə edir.

90.3.15. Hərracın təşkilatçısı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün zəruri tədbirlər görür.

90.3.16. Çıxarılmışdır.[421]

90.3.17. Çıxarılmışdır.[422]

90.3.18. Çıxarılmışdır.[423]

90.3.19. Hərracın təşkilatçısı:[424]

90.3.19.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;

90.3.19.2. satışın baş tutub-tutmadığını təsdiq edir;

90.3.19.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda hərracı baş tutmamış elan edir;

90.3.19.4. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir.

90.3.20. Hərrac aşağıdakı qaydada keçirilir:

90.3.20.1. satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərrəcda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;

90.3.20.2. hərracı aparan hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərracda iştirakçılarının sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu vaxt hərracı aparan ºəxs əmlakın satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir;

90.3.20.3. ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;

90.3.20.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərracla bağlı 90.3.5-ci maddədə qeyd olunan elan verilir. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 20 faizi, üçüncü hərracda isə 40 faizinədək aşağı salına bilər;[425]

90.3.20.5. bu zaman  sonrakı hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud, bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır; [426]

90.3.20.6. yararlılıq müddəti başa çatmış yeyinti məhsullarının hərraca yenidən qida məhsulları qismində çıxarılması qadağandır. Bu əmlak qanunvericiliyə uyğun olaraq heyvanların yemləndirilməsi üçün istifadəyə yararlı olduqda 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərracda satılmalıdır;

90.3.20.7. hərrac başa çatdıqdan sonra hərracın təşkilatçısı hərracın yekunları üzrə iki nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq  sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır;[427]

90.3.20.8. protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi,  tərəfindən 2 nüsxədə imzalanır. Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın qalibi və hərracın təşkilatçısı hərrac başa çatdığı gün protokolu imzalamalıdır. İmzalanmış protokol üç gündən gec olmayaraq satıcıya təqdim olunmalıdır. Alqı-satqı müqaviləsində satılmış obyektin adı (siyahısı), onun alınma qiyməti, sifarişçi və qalib gəlmiş şəxs barədə və qanunvericiliyə müvafiq olaraq digər məlumatlar göstərilir. Müqavilə protokol imzalandığı gündən 5 gün müddətində imzalanmalıdır;[428]

90.3.20.9. qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh geri qaytarılmır. Həmin protokolu imzalamaqdan imtina edən sifarişçi qalib gəlmiş şəxsə behi ikiqat məbləğdə geri qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Ziyanın məbləği sifarişçinin və qalib gəlmiş şəxsin razılığı əsasında müəyyən edilir. Tərəflər razılığa gəlmədikdə zərərin məbləği onların birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilir;

90.3.20.10. hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 5 bank günü müddətində geri qaytarılır;

90.3.20.11. hərrac baş tutmadığı hallarda hərracın təşkilatçısı tərəfindən protokol tərtib edilir.[429]

90.3.21. Hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən 15 təqvim günü müddətində hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi haqqında elanın verildiyi kütləvi informasiya vasitələrində verilir.

90.3.22. Hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan ən geci beş bank günü müddətində hərracın qalibi ödəməli olduğu pul vəsaitini satıcının müəyyən etdiyi bank hesabına köçürür. Hərracın təşkilatçısı hərracın keçirilməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən sənədləri sifarişçi təqdim edir.

90.3.23. Əmlakın (və ya müəyyən lotun) qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi (sənədləri) təqdim edildikdən sonra əmlaka (lota) mülkiyyət hüququ hərracın qalibinə keçir.

90.3.24. Siyahıya alınmış əmlakın açıq hərracda satışında ədliyyə orqanlarının, o cümlədən icra məmurlarının, vergi orqanlarının və hərracın təşkilatçısının vəzifəli şəxslərinin bir-başa və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir.[430]

90.3-1. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər.[431]

90.3-2. Hərracın təşkilatçısının rəsmi internet saytı olmalı, hərracın keçirilməsi barədə elan, habelə hərraca çıxarılan əmlak barəsində məlumatlar ətraflı şəkildə həmin internet saytında yerləşdirilməlidir. [432]

90.3-3. Hərracın təşkilatçısı (o cümlədən elektron hərracın təşkilatçısı) keçirilmiş hərraclar, başa çatmış və ya baş tutmamış hərraclar, habelə siyahıya alınmış əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

90.3-4. Ticarət şəbəkələri (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələri) satışa çıxarılmış əmlaklar, satışı təmin edilmiş və ya satışı mümkün olmadığı üçün geri qaytarılmış əmlaklar, habelə siyahıya alınmış əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. [433]

Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada  satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə icra məmuru tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər.[434]

90.5. Bu maddənin müddəaları vergi agentinə də şamil edilir.

90.6. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satışında vergi orqanlarının vəzifəli şəxslərinin və ya digər işçilərinin bilavasitə və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir.