Hərrac qaydaları

İcra haqqında hərraca aid qanun

“İcra Haqqında” Azərbaycan Qanununa əsasən

Maddə 61. Hərracların hazırlanması və keçirilməsi

61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
61.3. Sifarişə aşağıdakılar əlavə edilir:
61.3.1. icra sənədinin surəti;
61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;
61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər;
61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti.
61.4. Uzunmüddətli icarə hüququ hərraca çıxarıldıqda, bu Qanunun 61.3.1 – 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılar da əlavə edilir:
61.4.1. icarə müqaviləsinin surəti;
61.4.2. icarə müqaviləsinin qeydiyyatını təsdiq edən sənədin surəti;
61.4.3. tələbin uzunmüddətli icarə hüququna yönəldilməsinə icarəyə verənin razılığını təsdiq edən sənədin surəti və ya icarəçi icarə hüququnu hərrac nəticəsində əldə etdikdə, uzunmüddətli icarə hüququnun icarəçiyə keçməsini təsdiq edən sənədin surəti.
61.5. Tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda, bu Qanunun 61.3.1 – 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən aşağıdakılarda əlavə edilir:
61.5.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
61.5.2. tikintiyə icazənin surəti.[86]
61.6. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satılması zamanı icra məmurunun sifarişinə əlavə edilən sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.[87]

 

Maddə 62. Hərracın keçirilməsi müddətləri və qaydası

 

62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.